Dünyanın bir nömrəli terrorçu elan etdiyi Üsamə Bin Laden öldürülüb. Onun qatili isə Şeyx Ömərdir. Bunu Pakistan müxalifətinin lideri, keçmiş baş nazir Bənazir Bhutto vətəninə qayıtmasından 13 gün sonra telekörüpü vasitəsilə verdiyi müsahibəsində bəyan edib.
Pakistanın mərhum müxalifət lideri Bənazir Bhuttonun ölümündən təxminən iki ay əvvəl Qətərin Əl-Cəzirə telekanalına verdiyi müsahibə siyasi dairələrdə əməlli-başlı çaşqınlıq yaradıb. Xatırladaq ki, müsahibə telekörüpü vasitəsilə 2007-ci il noyabrın 2-də, Bhuttonun vətənə qayıtmasından 13 gün sonra götürülüb. Verilişin aparıcısı Devid Frost xanıma ölkəyə qayıtmamışdan əvvəl prezident Pərviz Müşərrəfə onun hökumətində Bhuttonun ölümünü planlaşdıran və terrorçularla əlaqəsi olan şəxslərin mövcudluğu ilə bağlı məktub yazıb-yazmaması haqda sual ünvanlayır. Mərhum müxalifət lideri bildirir ki, həmin məktubda konkret olaraq hansı qruplar tərəfindən terrorra məruz qalma ehtimalının olması haqda ölkə başçısını məlumatlandırıb. Həmçinin əlavə edib ki, terror aksiyalarının icraçılarından çox, onları maliyyələşdirən və təşkilatlanıdıran qüvvələri müəyyən edib aşkara çıxarmaq lazımdır.
Xanım Bhutto məktubunda Pakistan hökumətində təmsil olunan və terrorçuları dəstəkləyən 3 nəfərin adını çəkdiyini də deyir. Elə Üsamə Bin Ladenin qətli ilə bağlı bu gün çoxları üçün müəmmaya çevrilən ifadəni də bu vaxt işlədir: «Onlardan biri ölkənin təhlükəsizlik orqanlarında həlledici fiqurdur. O, keçmiş hərbi zabitdir. Onların terrorçu qrupların rəhbərləri ilə, o cümlədən də Üsamə Bin Ladeni qətlə yetirən Ömər Şeyxlə də əlaqəsi olub».
Göründüyü kimi, xanım Bhutto sanki hamının bildiyi bir hadisədən bəhs edirmiş kimi Üsamə Bin Ladenin ölümü ilə bağlı xüsusi olaraq danışmağa lüzum görmür. Amma nəyə görə iki aydan artıq bir müddətdə bu cür vacib məlumatın dünyanın aparıcı kütləvi inforsmasiya vasitələrinin diqqətindən yayınması bu gün ən çox sual doğuran məsələlərdəndir. Maraqlıdır ki, nə müsahibənin yayımlandığı, nə də ondan sonrakı günlərdə heç bir kütləvi informasiya vasitəsi bu məlumatı şərh etməyə çalışmayıb. Ən azı verlişin aparıcısı, təcrübəli jurnalmist kimi tanınan Devid Frost da xanım Bhuttoya mövzu ilə bağlı əlavə sual verməyib. Ən azı Bin Ladenin ölümünün vaxtı və digər detalları ilə bağlı heç nə soruşmayıb. Bütün bunlar hazırda müxtəlif kütləvi informasiya vasitələri tərəfindən müxtəlif cür yozulur. Bəziləri fikirləşir ki, xanım Bhuttonun bu ötəri fikirləri sadəcə olaraq aparıcının diqqətindən yayınıb. Amerikanın, eləcə də Bin Ladenin məhvində maraqlı olan digər dövlətlərin məsələyə münasibət bildirməməsinin səbəblərinə gəldikdə isə, ekspertlər həmin dövlətlərin xüsusi xidmət orqanlarının Bin Ladenin öldürülməsindən hələ Bhuttodan əvvəl məlumatlı olmaları ilə əlaqələndirirlər. Hər halda Bin Laden sağdırsa, yəqin ki, çox keçməz ona məxsus internet saytlarından birində Bhuttonun yanlışlığa yol verdiyini sübut edər.