Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzetində Azərbaycan haqqında silsilə məqalələr dərc olunmuşdur. Qəzet son dövrdə Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinə, uğurla həyata keçirilən neft-qaz siyasətinə, ölkənin regionda və bütövlükdə beynəlxalq miqyasda artan nüfuzuna, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, habelə demokratiya sahəsində qazanılmış böyük nailiyyətlərə geniş yer ayırmışdır. Məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti illərində əldə olunmuş uğurları təqdirəlayiq hal kimi qiymətləndirilir.Buna görə müəlliflər belə qənaətə gəlirlər ki, 2008-ci ildə keçiriləcək növbəti prezident seçkilərində İlham Əliyevin yenidən qələbə qazanması şübhəsizdir. Qəzet yazır: “Moskvada təhsil almış, ingilis dilində sərbəst danışan, qərbyönümlü islahatlara sadiq olan Azərbaycan Prezidenti İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində qələbə qazanacağına şübhə edənlərin sayı çox azdır. Zəif vəziyyətdə olan müxalifətin isə onun prezident seçilməsi yolunda hər hansı problem yaradacağı gözlənilmir. Azərbaycan cəmiyyətində dəstəyi olmayan müxalifət təcrid edilmiş vəziyyətdə qalmışdır”.
Qəzetdə Azərbaycanın uğurlu neft strategiyası haqqında oxuculara geniş məlumat verilir. Bildirilir ki, bu il həlledici ildir, çünki artıq dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı hasilatı artırmaqla yüksək neft qiymətlərindən rekord həcmdə gəlir əldə edir. Dünya neft bazarlarında getdikcə artan gücə çevrilən Azərbaycan Xəzər regionunu Qərblə birləşdirməklə həm qaz ixracatçısı, həm də strateji qaz nəqli marşrutu rolunu üzərinə götürür. 2007-ci il ölkənin qaz sənayesində dönüş nöqtəsi kimi yadda qaldı. Həmin ildə Xəzər dənizindəki böyük “Şahdəniz” yatağından hasilatla Gürcüstan ərazisi ilə Türkiyəyə uzanan Cənubi Qafqaz boru kəmərini qazla təmin etdi. Uzun müddət Rusiyadan qaz idxalından asılı vəziyyətdə olan Azərbaycan artıq bundan qurtarmışdır. Nəzərə almaq lazımdır ki, müstəqilliyin ilk illərində qaz strategiyası bu ölkədə qeyri-real görünürdü və 1990-cı illərdə xarici investorları qaz yox, yalnız neft maraqlandırırdı. Qəzet Oksford Araşdırmalar İnstitutunun energetika problemləri ilə bağlı bölməsinin rəhbəri Conatan Sterndən sitat gətirir: “Azərbaycan ötən beş ildə Avropanın gözündə ən həlledici bir vəziyyətə gəlib çatdı və Avropaya “dördüncü dəhliz” artıq reallaşa bilər”.
Qəzet yazır ki, Azərbaycanın qaz strategiyası “Şahdəniz”ə əsaslanır. bp-nin operatorluq etdiyi konsorsium tərəfindən işlənilən bu yataqdan ildə 8 milyard kubmetr qaz hasil etmək mümkündür. Lakin yatağın imkanları çox böyükdür. Gələcəkdə buradan ildə azı 20 milyard kubmetr qaz hasil ediləcəyi gözlənilir. Təsadüfi deyil ki, “Şahdəniz” yatağı istismara veriləndən sonra Azərbaycan Rusiyadan qaz idxalını dayandırdı.
Müəlliflər bildirirlər ki, Xəzər regionundan qazı Avropaya çatdıracaq üç kəmərin çəkilməsi planlaşdırılır. Bunlardan biri Nabukko kəməridir. 5 milyard avroluq bu layihə Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyə tərəfindən dəstəklənir. Digər kəmərın Adriatik dənizindən keçməklə Yunanıstan və ya Albaniya vasitəsilə İtaliyaya qədər uzanması nəzərdə tutulur. Bu kəmərlərə verilən dəstək olduqca böyükdür. Məsələn, Avropa İttifaqı Nabukkonu Rusiyadan qaz asılılığını azaltmaq yolunda vasitə kimi görür. Avropa İttifaqının həyata keçirmək istədiyi digər layihədə isə Mərkəzi Asiya qazının Xəzər dənizindən və Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı nəzərdə tutulur. Azərbaycan qaz nəqliyyatçısı kimi öz rolunu artırmaq əzmindədir. Hazırda Şimal dənizində azalmaqda olan hasilatın kompensasiya edilməsi baxımından Xəzər regionu Avropanın yeni qaz mənbələri axtarışında əsas hədəfdir.
Qəzet yazır ki, Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verir. Azərbaycanın müxtəlif şəhər və rayonlarında yeni istehsal müəssisələrinin yaradılmasından ətraflı bəhs edən müəlliflər bunu bölgələrin inkişafında və insanların paytaxta miqrasiyasının qarşısının alınmasında mühüm amil kimi səciyyələndirirlər. Bildirilir ki, Azərbaycan Prezidenti ölkə rəsmilərinə xüsusilə qeyri-neft sektoruna investorların cəlb olunması üçün göstəriş vermişdir. Bunun üçün qeydiyyat mexanizmi də sadələşdirilmişdir. İndi Azərbaycanda üç gün müddətində hüquqi şəxs kimi qeydiyyatdan keçmək mümkündür, əvvəllər isə bu proses altı ay çəkirdi.
Qəzet Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsinə də mühüm diqqət yetirdiyini yazır və bu məqsədlə xüsusi komissiya yaratdığını bildirir.
Müəlliflər Bakı-Tbilisi-Qars dəmir yoluna son dövrlərdə beynəlxalq miqyasda xüsusi diqqətin yetirildiyini xatırladaraq yazırlar: “Əgər 600 milyon dollarlıq Cənubi Qafqaz dəmir yolu layihəsi reallaşsa, Bakıdan Londona qatarla səyahət etmək mümkün olacaqdır. Azərbaycanın Ermənistandan yan keçməklə Türkiyə və Gürcüstanla birgə reallaşdırdığı bu layihənin əsas məqsədi dünya iqtisadiyyatına inteqrasiyanı daha da gücləndirmək və öz iqtisadiyyatını şaxələndirməkdir. Bu layihə indiyə qədər ölkənin başladığı ən möhtəşəm layihələrdən biridir və Azərbaycanın Şərqlə Qərb arasında əsas vasitəçi kimi çıxış etmək strategiyasına tam uyğundur. Azərbaycan dəmir yolunun Gürcüstan hissəsinin maliyyə xərclərini də öz üzərinə götürmüş və bu ölkəyə 200 milyon dollar kredit ayırmışdır.
Qəzet Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçakdan sitat da gətirir: “Xüsusi diqqət tələb edən bu strateji planın həyata keçməsi üçün Azərbaycan ən böyük səylərini ortaya qoyubdur. Azərbaycan hazırda böyük infrastrukturları maliyyələşdirmək imkanlarına malikdir”.
Eyni zamanda vurğulanır ki, Ermənistan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional əməkdaşlıq layihələrindən kənarda qalmışdır. Ona görə də bu ölkə dəmir yolunun çəkilməsinə etiraz edərək, özünün iqtisadi təcridliyinin daha da artacağından şikayətlənir.
Daha sonra deyilir ki, 2010-cu ildə açılması planlaşdırılan yeni dəmir yolu Rusiyanın Transsibir dəmir yolu ilə rəqabət apara biləcəkdir. Xəzər regionu neft hasilatçılarının bu dəmir yolundan Qərb bazarlarına əlavə ixrac marşrutu kimi istifadə edəcəyi də gözlənilir.
Müəlliflər dəmir yolu ilə bağlı Prezident İlham Əliyevin fikrini də xatırladırlar: “Bu dəmir yolu regional əməkdaşlığı və təhlükəsizliyi daha da möhkəmləndirəcəkdir”.
Böyük Britaniyanın nüfuzlu nəşri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edir və bu məsələdə Azərbaycanın haqlı mövqeyini oxuculara çatdırır: “On dörd illik atəşkəsdən sonra Dağlıq Qarabağ hələ də Ermənistanın nəzarəti altındadır. Azərbaycan ərazilərinin işğalı və 25 min nəfərə qədər adamın həlak olması ilə nəticələnən münaqişə hələ də insanlar arasında qəzəb doğurur. “Dondurulmuş münaqişə” adlanan bu problemin həlli Azərbaycanın xarici siyasətinin ən başlıca prioritetidir.
Azərbaycanın tərkibində muxtar qurum olan Dağlıq Qarabağda 1980-ci illərin axırlarında, sovet imperiyasının parçalanmağa başladığı dövrdə yaranan etnik gərginlik zorakılığa çevrildi. Ermənilər regionu nəzarət altına aldılar və Azərbaycanın başqa ətraf ərazilərini də işğal etdilər. 1994-cü ildə atəşkəs haqqında saziş imzalandı və həmin ildən münaqişənin həlli istiqamətində vasitəçilik başlandı”.
Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən 760.000 insanın ölkə daxilində məcburi köçkünə çevrildiyini, təxminən 220.000 azərbaycanlının isə Ermənistanın özündən qaçqın vəziyyətinə düşdüyünü xatırladan qəzet yazır ki, Ermənistan qoşunları işğal etdikləri ərazilərdən çıxarılmalı və beynəlxalq sülhməramlı qüvvələr burada yerləşdirilməlidir.
Müəlliflər Prezident İlham Əliyevin 2008-ci ili Dağlıq Qarabağla bağlı “dondurulmuş münaqişə”nin həlli baxımından həlledici il adlandırmasını da xüsusi qeyd edirlər.
Qəzet Azərbaycan-Türkiyə münasibətlərinə də geniş yer vermişdir: “Ötən il Azərbaycan Rusiyadan qaz idxalını dayandırandan sonra Türkiyə Bakının bir nömrəli ticarət tərəfdaşına çevrildi. Türkiyə 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olmuşdur. Siyasi, mədəni və dil yaxınlığını nəzərə alaraq, hər iki ölkənin keçmiş prezidentləri Heydər Əliyev və Süleyman Dəmirəl “bir millət, iki dövlət” şüarını irəli sürüblər. NATO-nun üzvü olan Türkiyə milli ordu quruculuğunda Azərbaycana böyük kömək göstərmişdir.
Türkiyə və Azərbaycan arasında geniş iqtisadi əlaqələr vardır. İndi Azərbaycanda bank və telekommunikasiya sahələrində türk şirkətləri aparıcı yer tutur.
Əhməd Necdət Sezər hakimiyyətə gəldikdən sonra Türkiyə-Azərbaycan əlaqələri daha da genişləndi, ölkənin keçmiş xarici işlər naziri Abdullah Gül də prezident seçiləndən sonra bu siyasətə sadiq qalaraq, ilk rəsmi səfərini Azərbaycana etdi. Ermənistanla münaqişə həll edilməyənə qədər Azərbaycan və Türkiyə bu ölkə ilə əlaqələr qurmayacaqdır”.

