Reklam verin!


agilfamilogluFevral 15, 2008 18:01

- Azad müəllim, universitetlərdə təhsil alan tələbələrin işlə təmin edilməsi istiqamətində tədbirlər görülürmü?

- Hal-hazırda ali təhsil müəssisələrini bitirən gənclər üçün azad təyinatdır. Və hər bir gənc öz iş yerini nə qədər çətin də olsa özü tapmalıdır. Son illər ərzində ölkədə 500 mindən çox yeni iş yerləri açılıb və bu iş davam etdirilir. İnanıram ki, yüksək səviyyəli biliklərə malik olan hər bir məzun özü üçün iş yeri tapa bilər.


- Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində hansı işlər görülür?

- Nazirlik tərəfindən keçirilən tədbirlər, konfranslar, festivallar, müsabiqələr, kompüter yarışları, intellektual oyunlar bunların hamısının əsas məqsədi gənclərimizi maraqlı layihələrə və işlərə cəlb etməkdir.

- Hər səhər rus çastuşkası zəngi ilə oyanan gənclər milli idman ruhunda tərbiyələnir!
Bu cümləyə münasibətiniz?

- 2007-ci ildə Azərbaycan idmançıları müxtəlif növ idman yarışlarında 452 medal qazanıblar. Bu o deməkdir ki, dünyanın müxtəlif ölkələrində, il ərzində 452 dəfə bizim milli bayrağımız ucalmış, himnimiz səslənmişdir.

- Bakıda nə vaxt yeni olimpiya stadionu tikiləcək?

- Bu ilin ilk yarım illiyində metronun Əzizbəyov stansiyasının yaxınlığında 60 min yerlik stadion tikiləcək.

- İpoteka şərtlərinə yenidən baxılacaq?

- İpotekanın büdcəsi 2008-ci ildə artmalıdır. Şərtlərə yenidən baxılmayacaq. Sosial ipotekanın şərtləri belədir: İlk ödəniş sıfırdan 15%-ədək, müddət 30 il, illik faiz 4 və məbləğ 35 min manat.

- Nazirlik postuna oturanda nələri düşünürsünüz? Əli İnsanov, Fərhad Əliyevin evini görəndə bir çox nazirlər televizyalarda dedilər ki, biz bilməzdik ki, onlar bu qədər var-dövlətə sahibdirlər. Sizcə bu sözləri deyən nazirlər onlardan geridəmi qalırlar?

- Mən heç kimin cibini saymıram və kimin nə qədər var-dövləti olduğu məni maraqlandırmır. Amma Toronto şəhərində QİÇS-lə bağlı dünyanın ən möhtəşəm konfransında iştirak etdiyim zaman, Bil Qeyts tərəfindən 500 milyon ABŞ dollarının QİÇS-lə mübarizəyə bağışlandığını gördükdə çox məyus oldum.

- Niyə bu nazirlik postuna oturan hər kəs xalqına deyil, özünə və ailəsinə gün ağlayır?

- Hər kəs öz vicdanı qarşısında cavabdehdir.

- Sizcə bu qədər idman kompleksləri tikmək nəyə lazımdır?

- İdman xalqın sağlamlığıdır və idman komplekslərində məşğul olan gənclər sağlam həyat tərzi yaşayırlar. Və pis vərdişlərdən çəkinirlər.

- Nəyə görə dövlət hesabına xaricdə oxuyan gənclərə cəmi 100 ABŞ dolları aylıq təqaüd verilir. Sizə elə gəlmir ki, məhz xaricdə oxuyan, xüsusilə prezident fərmanı ilə seçilmiş gənclərə qayğı daha çox olmalıdır?

- Sizlə razıyam ki, 100 ABŞ dolları kifayət qədər yüksək məbləğ deyil və mən bu məsələylə maraqlanacam.

- Yüksək keyfiyyətlə hazırlanmış hovuzlara aylıq abunə çox bahadır. Burada nəinki özün gedib üzə, heç uşağını da bu sağlam idman növü ilə məşğul olmağa apara bilmirsən. Nə vaxtsa "kasıblar" üçün də təmiz, yüksək keyfiyyətli hovuzlar olacaqmı?

- 2008-ci ilin investisiya proqramında Bakıda hovuz kompleksin tikilməsi nəzərdə tutulub. Təəssüflər olsun ki, son illərdə müxtəlif səbəblərdən bir neçə hovuz ya bağlanıb, ya da təmirə dayandırılıb.

- Bakı 2016 Olimpiya Oyunlarının təbliği ilə bağlı cəmisi 1 yürüş keçirilib, davamı nəzərdə tutulubmu?

- Bəli, tədbirlər planı hazırlanıb və tezliklə onu Azərbaycanda və digər ölkələrdə həyata keçirməyə başlayacağıq.

- Gənclər şəhərciyinin axırı nə yerdə qalıb?

- Bu sahədə işlər aparılır.

- Gənclər ili bitdisə, bu o demək deyil ki, gənclərlə iş zəifləyəcək?

- Qətiyyən. Bizi çox maraqlı il gözləyir. 2008-ci il Olimpiada ilidir, ilk dəfə Azərbaycan "Avroviziya"da iştirak edəcək, ilk dəfədir Bakı şəhəri 2016-cı il Olimpiya Oyunları üçün öz namizədliyini irəli sürüb, 5-ci Gənclərin Forumu keçiriləcək və bildiyimiz kimi 2008-ci il ölkə prezidentinin seçki ilidir. Darıxmağa vaxt olmayacaq.

- Pekin 2008 Olimpiya oyunlarında himnimiz səslənəcək?

- Çox əminəm! İnanıram. İnşallah.

- Bölgələrimizdə kifayət qədər istedadlı gənclərimiz var. Amma müəyyən səbəblər üzündən onların çoxunun istedadı batıb gedir, üzə çıxa bilmirlər. Belə gənclərimizin üzə çıxarılıb parlaması üçün nə isə tədbirlər görürsünüzmü?

-2007-ci ildə Gənclər İli çərçivəsində görülən işlərlə bağlı hazırlanmış videoçarx qısa müddətdə televiziya kanallarında yayımlanacaq. Və siz görə biləcəksiniz ki, neçə-neçə layihələrdə iştirak edib öz istedadınızı üzə çıxara bilərdiniz. Amma hələ qarşıda da çoxlu layihələr və tədbirlər var. Bu layihələr çərçivəsində sizinlə görüşmək istərdik.

- Azərbaycan gənclərinin gələcəyini necə görürsünüz?

- Müstəqil və güclü ölkədə yüksək bilikli, vətənpərvər və sağlam.

- Müasir estrada ulduzlarımızdan hansını dinləyirsiniz?

- Röya, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva.

- Azərbaycan gənclərinin 5-ci forumu nə vaxt keçiriləcək və forumda səslənəcək təklifləri biz kimə ünvanlamalıyıq?

- Gənclərin 5-ci Forumu sentyabr ayında keçiriləcək, bütün təklif və suallarınızı bu ünvana göndərə bilərsiniz: mys@mys.gov.az

- Ölkə gənclərindən biri çətinlik çəkmədən sizin qəbulunuza düşə bilər?

- Qəbula düşməyə gəldikdə, açıq desəm mənim kifayət qədər vaxtım olmur. Amma bir maraqlı və ciddi məsələylə bağlı sualınız varsa, mənim köməkçimlə əlaqə saxlayaraq xahiş edirəm mövzunuzu açıqlayasınız.

- YAP-ın icraçı katibi Əli Əhmədov ötən gün "Dağlıq Qarabağ münaqişəsinin həllində muharibə variantı istisna edilmir. Heç bir beynəlxalq təşkilat Azərbaycan xalqının bu hüququna qarşı çıxa bilməz" - deyib. Sizcə gənclərimiz buna hazırdır?

- Dağlıq Qarabağ münaqişəsi sülh yoluyla həll olunmalıdır, amma əks halda işğal olunmuş torpaqlarımızı biz silahla əlimizdə geri qaytarmağa hazır olmalıyıq.

-Mətbuatın yazdığına görə siz demisiniz ki, futbol üzrə Azərbaycan yığma komandasına Filipp Trussye və ya Hans Peter Brigel baş məşqçi kimi gətiriləcək. Bu nə dərəcədə həqiqətə uyğundur?

- Dünyanın bir neçə tanınmış futbol məşqçiləri ilə hal-hazırda danışıqlar aparılır və bizi tam şəkildə qane edən məşqçi tapıldığı zaman müqavilə bağlanılacaq. Filipp (Omar) Trussyenin təklifi ölkədə ilin 365 günündən cəmi 85 gün yığma komandayla məşq etməkdir, bu şərt isə bizi qane etmir.

ANSPREES


İdman və GənclərŞərhlər(0)     Baxış sayı:1434

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. - Dəstək: AzeriBlog.com